Ermənistan KTMT-ni dağıdır | TƏHLİL

   Ermənistan KTMT-ni dağıdır    | TƏHLİL
  16 Sentyabr 2023    Oxunub:5226
35 il Rusiyanın kölgəsinə sığınan Ermənistan hazırda təhlükəsizliyinə zəmanət verəcək yeni müttəfiq axtarışındadır. Namizədlərin siyahısı hələlik Fransa, ABŞ, Hindistan və İran ilə məhdudlaşır. Yeni “adaxlı”nın Azərbaycan-Türkiyə birliyi ilə münasibətləri də Ermənistan üçün vacib məsələdir.
Fransanın Ermənistanın rəqib saydığı qonşuları ilə münasibətləri çox pisdir. Hindistan çox uzaqdadır. İran həm Türkiyə-Azərbaycan birliyinə qarşı zəif təəssürat bağışlayır, həm də Tehran son günlərdə Bakı və Ankara ilə əməkdaşlıqda daha maraqlı görünür. Bu halda münasib “adaxlı” namizədlərin arasında təkcə ABŞ qalır. ABŞ-ın həm Türkiyə, həm də Azərbaycan ilə münasibətləri bəzi fikir ayrılıqlarına baxmayaraq, normaldır. Üstəlik, bölgədə Rusiyaya müqavimət potensialı daha yüksəkdir. Deməli, İrəvanın onu seçməsi təsadüfi deyil.

Qafqazda ABŞ çətiri

Dünyada bir çox ölkələr ABŞ-ın çətirinin altında qorunmağa çalışıblar. Bəzi regionlarda bu, müsbət nəticə verə bilər, amma Ermənistan üçün asan olmayacaq. Hər tərəfə çıxışı olan Gürcüstan NATO ilə əlaqələrinin daha üstün səviyyəsinə baxmayaraq, özünü Rusiyadan qoruya bilmədisə, iqtisadi cəhətdən Kremldən tam asılı olan, dar dalanda sıxılmış Ermənistanın haqqında heç danışmağa dəyməz.

Gücün hüququ ilə hüququn gücünün sintezi

Bəzən yazılmamış qanunlar bizə qeyri-ciddi görünsə də, onlar formal qanunlardan yaxşı işləyir. Məsələn, Ermənistan kimi ədalət, haqq və hüquq anlayışlarını tapdalayan işğalçı rejimlərə qarşı gücün hüququ hüququn gücündən daha effektiv təsir göstərir.
Məhz gücün hüququna əsaslanaraq ABŞ və müttəfiqləri Yuqoslaviya, Liviya, Əfqanıstan və İraqda xüsusi əməliyyatlara başladılar. SSRİ Əfqanıstana, Rusiya isə Ukraynaya girdi.
Azərbaycan isə həm güclü, həm də haqlı tərəf olaraq, Vətən Müharibəsində Ermənistanı darmadağın etdi. Sonrakı dövrdə də qlobal güclərin etirazlarına baxmayaraq, həm Laçın sərhəd-keçid məntəqəsini qurdu, həm də separatçı rejimin bağladığı Ağdam-Xankəndi yolunun açılmasına nail oldu. Ən vacibi isə budur ki, Azərbaycan bunlara bir güllə atmadan, qalib tərəf kimi siyasi addımları ilə nail oldu.

Yeni gərginlik riskləri

Məğlub Ermənistan hazırda təxribatlarını intensivləşdirsə də, Azərbaycan dişlərini sıxaraq, gərginliyin artmasına imkan vermir. Amma səbr kasamız da daşmaq üzrədir və keçən ilin sentyabrında olduğu kimi, gözəl günlərin birində Azərbaycan Əsgəri təxribat törədənlərin yumşaq yerini ağrılı şəkildə dəmir məngənəsində sıxacaq. İrəvan və onun maliyyə dəstəyi ilə hələ də mövcudluğunu davam etdirən Qarabağdakı xunta rejimi bu halda nə edə biləcək? Hay-həşir salmaqdan başqa heç nə! Nəticə isə Ermənistan üçün keçən ildəkindən fərqli olmayacaq. Bəlkə də daha ağrılı olacaq.
Qarabağdakı xunta rejimi isə daha çıxılmaz dalandadır. Onu kimsə tanımır, kimsə birbaşa maddi dəstək verə bilmir.

Ermənistan zəif bənddir

Rusların müvəqqəti məsuliyyət zonasındakı ərazilərdə yerləşən silahlıların döyüş potensialı Ermənistan ordusundan çox zəifdir. Ermənistan ordusu isə Azərbaycanın Silahlı Qüvvələrilə müqayisə olunacaq səviyyədə deyil. Bir çox ölkələrin yardımına baxmayaraq, Ermənistan ordusu müharibədəki texnika və silah itkilərini heç 10 faiz bərpa edə bilməyib. Azərbaycan isə nəinki itkilərini bərpa edib, eyni zamanda quru qoşunları komandanlığını yaradıb, komando və xüsusi təyinatlı hissələrinin şəxsi heyətinin sayını azı iki dəfə artırıb. Türk ordu modelinə keçid istiqamətində xeyli işlər görüb. İsrail, Türkiyə və İtaliya ilə hərbi əməkdaşlıq sahəsində bir çox müqavilələr imzalayıb, silah tədarükü məsələsində ciddi addımlar atıb. Ermənistan isə müttəfiqləri ilə münasibətlərini qırılma nöqtəsinə çatdırıb.
Belə olan halda, əlbəttə ki, xilas olmaq üçün yeni "adaxlı" tapmalı idi. "3 bacı formatı" son illərdə heç bir nəticə verməyincə, İrəvan indi də ABŞ-a üz tutmağa məcbur oldu.

Ardıcıl zərbələr

Ermənistan ABŞ dəstəyi ilə Rusiyanı cəzalandırmaq məsələsinə 2018-ci ildə KTMT-nin fəaliyyətdə olan baş katibini həbs etməklə başlamışdı.
İndi isə Rusiyanı ərazisindən çıxarmaq üçün ABŞ ilə birgə təlimlər keçirir. Bu təlimlər əslində ABŞ-ın “KTMT-nin cənub ərazilərində apardığı kəşfiyyat” da sayıla bilər.
Halbuki, 2023-cü ilin yanvarında Ermənistan KTMT-nin planlaşdırdığı “Sarsılmaz Qardaşlıq 2023” təlimlərini ləğv etmişdi. Bu, elə KTMT-nin “qardaşlığını” dağıtmaq idi.
Avqustda Ermənistan KTMT-nin Belarusda keçirilən birgə təlimlərində iştirakdan imtina etdi.
Ermənistanın baş naziri Nikol Paşinyan strateji təhlükəsizliyin təmin olunması məsələlərində yalnız Rusiyaya güvənməyin səhv olduğunu dedi. Açıq şəkildə bildirdi ki, Ermənistanın bütün təhlükəsizlik arxitekturasının Rusiya ilə münasibətlər üzərində qurulması yaxşı variant deyil.
Paşinyan Rusiyanı ölkəsindən çıxarmaq üçün açıq şantaja keçib: “Bu gün Rusiyanın özünün silaha ehtiyacı olduğu bir vaxtda aydındır ki, istəsə də, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək... Moskva Cənubi Qafqazdan uzaqlaşır, bir gün biz sadəcə olaraq oyanıb görəcəyik ki, Rusiya burada yoxdur”.
Ardınca isə Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağıraraq, Hollandiyaya səfir göndərdi. Nəzərə alsaq ki, Paşinyan bir neçə dəfə Ermənistanın KTMT-dən çıxacağına işarə edib, deməli, quruma yeni daimi nümayəndə təyin edəcəyi real görünmür.
Bütün bunlarla yanaşı, 2023-cü il sentyabrın 1-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi ratifikasiya üçün parlamentə göndərildi. Sənəd təsdiqlənəndən sonra BCM-nin orderlərinin Ermənistan ərazisində icrası məcburi xarakter daşıyacaq. Bu isə o deməkdir ki, Rusiya prezidenti Vladimir Putin Ermənistana gəlsə, həbs olunmalıdır.

• İrəvan bütün bunları etməklə nəyə nail olmaq istəyir?
• Ermənistanın Rusiyanın qucağından çıxaraq, NATO-ya üzv olması realdırmı?
• Ermənistanın Qərb ilə hərbi-siyasi münasibətlərinin sıxlaşması fonunda Azərbaycan necə davranmalıdır?

Bu suallara növbəti yazıda aydınlıq gətirəcəyik.

Ədalət Verdiyev , hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Ermənistan  





Xəbər lenti